Pul qazanmağın sirrləri…“Mən varlıyam”

 Pulsuzluqdan və uğursuzluqdan şikayət edirsinizsə bu video çarx məhz sizinçündür.

Sizə deyəcəyim sözlər əslində çox dəyərli və həyatınızı dəyişməkdə sizə kömək edə biləcək sözlərdir. Əgər intellektinizi işə salıb bu məlumatlardan düzgün istifadə etsəniz çox şey əldə edəcəksiniz.

Pul qazanmaqçün nələri etməlisiniz:

Pul haqqında düşüncələrinizi dəyişməlisiniz. Məs: Pulum yoxdur… Var var üstə gedər… Mənim də bəxtim olsaydı… Bu ölkədə pul qazanmaq mümkün deyil… Gərək şanslı doğulasan… Hər yerdə monopoliyadır… Arxan olmasa heç nə edə bilməzsən… Dövlət imkan vermir… Ölkədə krizisdir… Camaatda pul yoxdur… və s.

Nə qədər bu kimi fikirlər beyninizdə fırlanacaq, o qədər də problemləriniz davam edəcək. Yenə təkrar edirəm, nəyi və necə düşünürsünüzsə, məhz o cür də yaşamağa davam edirsiniz. Topluluq halında bunları düşündükcə artıq bu məsələlər aktuallığını qoruyub saxlayaraq illərlə davam edir və edəcək də. Yalnız o vaxt bu cür problemlər həll olunacaq ki, insanlar yanaşma və düşüncə tərzlərini dəyişəcəklər.

Vərdişlərinizi dəyişin. Məs: Özünüzə sual verin mən pul qazanmaqçün hansı addımları atıram? Hansı qabiliyyətə və ya bacarığa sahibəm? Gün ərzində bilik və bacarığımı artırmaqçün nə edirəm? Mənə lazım olan hansı ədbiyyatı oxuyuram? Dünya görüşümü artırmaqçün nə edirəm?

Əgər siz vaxtınızı mavi ekran arxasında keçirirsinizsə, mənasız və sizə lazım olmayan seriallara və ya başqa – sizə aid olmayan verilişlərə baxmaqla keçirirsinizsə, vaxtınızı başqalarının həyatını müzakirə etməyə və ya dostlarınızla yığışıb saatlarla mənasız söhbətlərə sərf edirsinizsə, ömrünüzün yarısını yuxuda keçirirsinizsə, onda bilin ki, həyat sizdən kənarda ağıllı insanlarçün davam edir.

Başınızı qaldırıb dünyaya baxsanız, görəcəksiniz ki, millionlarla insanlar nə vaxtsa çörək almağa pulları olmadığı bir vəziyyətdən hansısa yollarla çıxaraq, indi millionlara sahibdirlər. Bu insanları Allah xüsusü yaratmayıb. Onlar adi insanlardırlar. Sadəcə qarşılarına məqsəd qoyublar, komfort zonasından çıxaraq həyat tərzlərini dəyişiblər.

Yeni obraz, yeni həyat tərzi yaradın.

Insan doğulduğu gündən hər gün bir addım ölümə doğru gedir. Bu o deməkdir ki, hər saniyəmiz dəyərlidir. Kənardan özünüzə baxın. Gününüzü necə yaşayırsınız? Gün ərzində daha çox nələri düşünürsünüz? Və ya kimləri düşünürsünüz?

Sizə problemlər yaşadan fikirlərinizə baxın. Sizə əsəb gətirən, neqativ yaşadan bütün fikirlərinizi dəyişin. Həsəd, paxıllıq, kin, intiqam, kədər, məyusluq və s. bu kimi neqativ hisslər ilk növbədə sizə ziyan verir. Bu hissləri sizə yaşadan insanları həyatınızdan kənarlaşdırın. Hisslərinizin, düşüncələrinizin əsirinə çevrilməyin. Onlardan öz xeyrinizə istifadə edin. Sizə xoşbəxtlik gətirən düşüncələri seçin, onları bir bloknota yazın. Şüur altınıza həkk oluna qədər hər gün oxuyun. Xəyal gücünüzdən istifadə edin. Arzularınızdakı həyatı xəyalınızda canlandırın və hiss edin. Xoşbəxtliyi hiss edin. Buna nə qədər inansanız və bunu nə qədər içdən etsəniz o qədər tez və 100% nəticə əldə edəcəksiniz. Bu faktdır. Bunun necə olacağını düşünməyin. Siz dünyaya etibar edin, içinizdə şübhə yaradan düşüncələri beyninizdən kənarlaşdırın. Dünya sizə öz rifah qapılarını açacaq. Inam və düşüncələrin doğru seçimi artıq milionlarla insanın həyatını dəyişib. Sizdən onlardan biri olun.

Qarşınıza məqsəd qoyun. Arzularınızı seçin və məqsədə çevirin.

Hər gün 10 məqsəd yazın. Bu məqsədlərin içindən sizə daha vacib olanını seçin. Bu məqsədi həyata keçirmək üçün ideyalar fikirləşin.

Məs: Müəyyən bir məbləğ seçin. Bu sizin ayda qazanmaq istədiyiniz məbləğ olsun. Onu yazın və tarix qoyun. Cümləni “Mən” sözü ilə başlayın və indiki zamanda yazın, hansı tarixdə bu pulu qazanmaq istədiyinizi qeyd edin. Ideyalar fikirləşin. Sizdə hansı potensial, hansı bacarıqlar var? Əgər heç bir bacarığınız yoxdursa və ya zəifdirsə bu haqqda ədəbiyyatlar oxuyun. Özünüzü inkişaf etdirin. Ən vacib düşüncə tərzinizi dəyişin. Bilirəm çətindir, amma mümkünsüz deyil.  Gücünüzə inanın.  Neqativ fikirləri bir dəfəlik unutsaz və gələcəyinizə inamla baxsanız, bu zaman kainat sizə ağlınıza gəlməyən ideyalar verəcək, yolunuza sizə kömək edə biləcək insanlar çıxaracaq və uğura doğru aparacaq. Yetər ki, siz buna inanın və addım atın. Ağlınıza gələn yeni ideyalarla və məqsədinizlə bağlı planlar yazın. Planlarınızı etaplara bölün. Hər gün məqsədə çatmaq üçün bu planları həyata keçirməyə çalışın. Günün sonunda özünüzə hesabat verin. Əyər nəsə alınmasa tez həvəsdən düşməyin. İnadkar olun. Kənar hadisələrin və şəxslərin sizə mənfi təsir etməyinə icazə verməyin. Hər gün sizə motivasiya verəcək məlumatlar oxuyun. Buna beyin gimnastikası deyilir. Sıfırdan milionçuya çevrilmiş insanların həyatı haqqında oxuyun. Heç bir halda geri baxmayın, gücsüz olduğunuzu düşünməyin. Keçmişinizi silməsəniz, gələcəyinizi qura bilmərsiniz.

Bir ölkəni Dünyanın İnkişaf Etmiş Ölkələri səviyyəsinə qaldırmaq və ya tarixdən silmək onun sakinlərindən aslıdır.

Bunu yalnız dövlət edə bilməz. Baxın Azərbaycanda nə qədər inkişaf etməmiş sahələr var. Niyə xəstələrimizi xarici dövlətlərə aparmalıyıq? Niyə təhsilimizdən şikayət etməliyik? Niyə xarici ölkələrin istehsal etdiyi məhsulları almalıyıq? Və s. belə misallar bütün sahələrə aiddir. Əgər bütün peşələrə yiyələnmiş insanlar – istər həkim, istər müəllim, mühəndis və s. adi telefonçu belə özünü inkişaf etdirsə. Boş-boş şeylərə deyil, vaxtını öz sahəsində biliyini, təcrübəsini artırmağa sərf etsə və işində birinci olsa görün ölkəmizdə nələr baş verər. Bizim dünyaya yox, dünyanın bizə ehtiyacı olar. Biz övladlarımıza hansı gələcəyi qururuq? Nə qoyub gedirik? Bəzi insanlar düşünür, ev qoymuşam, var-dövlət qoymuşam, xarici ölkələrdə investisiyalar qoymuşam və s. Bəs bu şəxslər əmindilərmi ki, sabah onlar olmasa övladları bu var-dövləti yeyib dağıdıb dilənçi vəziyyətinə düşməyəcəklər? Bunu bir düşünün…

Hər şey düşüncədən başlayır və məhz ordan qaynaqlanır. Əyər şikayətlərimizi unudub, düşüncələrimizi, inancımızı dəyişsək həyatımız dəyişər. İnanın ki, bunlar boş sözlər deyil.Hər birinin altında bir dünya yatır. Gəlin ağılla dünyamızı dəyişək!